Yuxumu qarışdırmışam...
əqrəbdən asılan fikirlər
udur gecə saatlarını,
zamansız qaranlıq asılıb pəncərədən
ayın son işartıları yox olur
göy üzündən,
əriyən gecə səhərə doğru axır,
pərdənin solan gülləri
maddım-maddım üzümə baxır.
Xəfif, çox xəfif bir rüzgar əsir
dolaşıq düşüncələrdən.
Olmadığım gecə hələ
qurtarmamış
səhərın gümanları yapışıb
qapımın darıxan dəstəyindən.
Qulağıma qışqırır itən zaman,
dağılır boş məkan,
bu gecə sən yoxsan
yuxularımda,
bu gecə mən də yoxam
yuxularında.
Gecə də mənim deyil gündüzlərim
tək
zamansız qaranlıq asılıb pəncərədən.
Zamansız qaranlıqda
həsrətim, intizarım,
zamansız qaranlıqda
saatın əqrəbindən
asılı qalmışam mən...
Hiç yorum yok:
Yorum Gönder